DevHub Academy
Tədris sahələriBloqƏlaqə
DevHub Academy
+994 51 368 89 27Rəşid Behbudov küçəsi 55, AZ 1022

Sayt Xəritəsi

Ana səhifəHaqqımızdaTədris sahələriMüəllimlər
MəzunlarBlogTestƏlaqə

© 2025 DevHub Academy. Bütün Hüquqları Qorunur

Sosial şəbəkələr yuxarıda
      Blog yazılarına qayıt
      Development, QA, ITBA, Data-analitika
      12.08.2026
      13dəq

      İT-yə sıfırdan başlamaq istəyirəm, hansı sahəni seçəcəyimi bilmirəm.

      İT sektoruna daxil olmaq istəyən insanların qarşısında ən böyük suallardan biri budur: “Haradan başlamalıyam və hansı istiqaməti seçməliyəm?”

      Minaya Aliyeva

      Müəllif

      İT-yə sıfırdan başlamaq istəyirəm, hansı sahəni seçəcəyimi bilmirəm.

      İT sahəsinə keçmək istəyən insanların sayı son illərdə ciddi şəkildə artıb. İT sahəsinin ən gözəl tərəflərindən biri odur ki, burada tək bir istiqamət yoxdur. Hər bir insan öz marağına, düşüncə tərzinə, bacarıqlarına və xarakterinə uyğun fərqli bir sahə seçə bilər.

      Bütün bunlar insanlarda belə bir fikir yaradır:

      “Mən də İT-yə keçməliyəm.”

      Amma sonra daha böyük bir problem ortaya çıxır:

      “Bəs İT-də nə öyrənim?”

      QA?

      Data Analytics?

      IT Business Analysis?

      Proqramlaşdırma?

      Cyber Security?

      Frontend?

      Backend?

      Və insan seçim edə bilmədiyi üçün bir kursa başlayır, bir neçə həftə sonra başqa sahə haqqında video görür və düşünür:

      “Bəlkə bunu öyrənsəm daha yaxşı olar?”

      Sonra başqa istiqamətə keçir.

      Beləcə aylar keçir, amma ortada konkret bacarıq yaranmır.

      Əgər siz də hazırda “İT-yə sıfırdan başlamaq istəyirəm, amma hansı sahəni seçəcəyimi bilmirəm” deyirsinizsə, bu yazı məhz sizin üçündür.

      Bu yazıda sizə “hamı proqramçı olsun” və ya “QA ən asan sahədir” kimi şablon məsləhətlər verməyəcəyəm.

      Əksinə, bir qədər real danışaq.

      Çünki İT sahəsinə daxil olmaq mümkündür, amma İT-yə daxil olmaq əvvəlki illərdəki qədər asan deyil.

      Əvvəlcə ən vacib məsələ: İT-yə niyə gəlmək istəyirsiniz?

      Bu sualın cavabını bilmədən sahə seçmək düzgün deyil.

      Əgər məqsədiniz: “İT-də çox pul var, mən də pul qazanmaq istəyirəm” dirsə, bu təkbaşına yaxşı motivasiya deyil.

      Əgər: “Hamı deyir ki, İT gələcəyin sahəsidir” deyə düşünürsünüzsə, bu da kifayət deyil.

      Çünki İT-də də digər peşələrdə olduğu kimi rəqabət var.

      Hətta bəzi başlanğıc səviyyəli İT vakansiyalarında rəqabət kifayət qədər yüksəkdir.

      Ona görə bu sahəyə daxil olan insanın ilk gündən özünə deməsi lazımdır:

      “Mən sadəcə kurs bitirib iş tapmağa yox, real bir peşə öyrənməyə gəlirəm.”

      Bu iki yanaşma arasında çox böyük fərq var.

      Bir az sərt, amma səmimi danışacam: hər kəs üçün proqramlaşdırma düzgün seçim deyil

      İT haqqında danışanda ən çox verilən məsləhətlərdən biri budur:

      “Proqramlaşdırma öyrən.”

      Bəli, proqramlaşdırma çox yaxşı karyera istiqamətidir.

      Bəli, güclü proqramçılar üçün çox yaxşı imkanlar var.

      Bəli, proqramlaşdırma gələcəkdə yüksək səviyyəli texniki karyera qurmaq üçün əla seçim ola bilər.

      Amma burada çox vacib bir məqam var:

      Əgər həyatınızda heç vaxt kod yazmamısınızsa, İT ilə əlaqəli sahədə təhsiliniz yoxdursa, texniki bilikləriniz demək olar ki, sıfırdırsa və proqramlaşdırmaya xüsusi marağınız da yoxdursa, sırf “İT-də iş var” deyə proqramlaşdırmaya başlamaq sizin üçün uğurlu seçim olmaya bilər.

      Niyə?

      Çünki proqramlaşdırma sadəcə bir kursa gedib bir neçə sintaksis öyrənmək deyil.

      Proqramlaşdırma problem həll etmə bacarığı, məntiq, davamlı praktika, səbr və uzunmüddətli öyrənmə tələb edir.

      Üstəlik, bu gün proqramlaşdırmaya maraq göstərən insanların sayı çox böyükdür.

      Bir neçə il əvvəl “proqramlaşdırma öyrənənlər” daha kiçik qrup idisə, bu gün bazara çox sayda yeni başlayan insan daxil olur.

      Bootcamp-lər, kurslar, YouTube videoları, online platformalar və AI alətləri proqramlaşdırmanı öyrənməyi daha əlçatan edib.

      Bu isə bir tərəfdən yaxşıdır.

      Amma digər tərəfdən rəqabəti də artırır.

      “Mən kursu bitirdim, niyə iş tapa bilmirəm?”

      Bu sualı İT-yə yeni başlayanlardan çox eşitmək mümkündür.

      Çünki insan 4-6 ay kursa gedir.

      HTML, CSS, JavaScript və ya Python öyrənir.

      Bir neçə layihə hazırlayır.

      CV göndərməyə başlayır.

      Sonra 20 yerə müraciət edir.

      Cavab gəlmir.

      50 yerə müraciət edir.

      Yenə cavab yoxdur.

      100 müraciətdən sonra isə insan düşünür:

      “Deməli, məndə problem var.”

      Əslində məsələ həmişə insanın bacarıqsız olması deyil.

      Bazarda entry-level səviyyədə çoxlu namizəd var.

      Şirkət isə eyni vakansiyaya onlarla, bəzən daha çox namizəd arasından seçim edir.

      Belə vəziyyətdə yalnız:

      “Mən kurs bitirmişəm” demək kifayət etmir.

      İşəgötürən düşünür:

      “Bu insan şirkətə nə verə bilər?”

      Və burada portfolio, real layihələr, GitHub, texniki bilik, ingilis dili, problem həll etmə bacarığı, kommunikasiya və müsahibə nəticəsi ön plana çıxır.

      AI proqramlaşdırmanı öldürüb?

      Bu sual da son vaxtlar çox verilir.

      Xeyr.

      Amma AI proqramçıların iş prosesini ciddi şəkildə dəyişir.

      Bu gün bir developer əvvəllər saatlarla yazdığı kodun bir hissəsini AI vasitəsilə daha sürətli yarada bilər.

      Amma burada vacib fərq var:

      Kodu yazmaq başqa şeydir, yazılan kodu başa düşmək başqa.

      Əgər siz proqramlaşdırmanın əsaslarını bilmirsinizsə və AI sizə 500 sətir kod yazırsa, həmin kodda problem yarandıqda nə baş verdiyini başa düşməkdə çətinlik çəkəcəksiniz.

      Ona görə AI proqramlaşdırmanı tamamilə aradan qaldırmır.

      Əksinə, müəyyən mənada yaxşı proqramçı olmaq üçün tələb olunan səviyyəni yüksəldir.

      Artıq sadəcə kod yazmaq yox, problemi düzgün formalaşdırmaq, AI-dan düzgün istifadə etmək, kodu yoxlamaq, arxitekturanı başa düşmək və nəticəyə cavabdeh olmaq daha vacibdir.

      Bu da bizi yenə eyni yerə gətirir:

      Sıfırdan başlayırsınızsa, proqramlaşdırmanı yalnız trend olduğu üçün seçməyin.

      Əgər həqiqətən kod yazmağa marağınız varsa, əlbəttə ki, öyrənə bilərsiniz.

      Amma heç vaxt kod yazmamısınızsa, texniki sahədə təhsiliniz yoxdursa, kompüter elmləri və məntiqi problemlərlə işləmək sizə maraqlı deyilsə, sadəcə “maaşı yaxşıdır” deyə developer olmaq qərarı vermək risklidir.

      Bəs onda İT-yə sıfırdan başlayan insan nə seçsin?

      Burada QA, IT Business Analysis və Data Analytics kimi istiqamətlərə baxmaq daha məntiqli ola bilər.

      Amma yenə də hər birinin öz tələbi var.

      QA — İT-yə giriş üçün yaxşı başlanğıc ola bilər

      QA, yəni Quality Assurance, proqram təminatının keyfiyyətinin yoxlanılması ilə məşğul olan istiqamətdir.

      Sadə nümunə götürək.

      Bir şirkət yemək sifarişi üçün mobil tətbiq hazırlayıb.

      Developer tətbiqi yazıb.

      Amma tətbiqin düzgün işlədiyinə kim əmin olacaq?

      QA mütəxəssisi.

      QA müxtəlif ssenarilər yoxlayır:

      • istifadəçi qeydiyyatdan keçə bilir?

      • yanlış email yazanda sistem nə edir?

      • parol səhv olduqda nə baş verir?

      • sifariş yaratmaq mümkündür?

      • ödəniş düzgün işləyir?

      • sifariş ləğv ediləndə sistem necə reaksiya verir?

      • tətbiq müxtəlif cihazlarda işləyir?

      • istifadəçi gözlənilməyən hərəkət etdikdə sistem çökür?

      QA-nın gözəl tərəfi odur ki, başlanğıcda proqramçı olmaq tələb olunmur.

      Bu səbəbdən İT-yə tamamilə yeni başlayan insanlar üçün yaxşı başlanğıc istiqamətlərindən biri ola bilər.

      Amma QA da “asan iş” deyil

      Bunu xüsusi qeyd etmək lazımdır.

      Bəzən QA belə təqdim olunur:

      “Kod bilmirsən? QA ol.”

      Bu yanaşma düzgün deyil.

      Yaxşı QA mütəxəssisi məhsulun necə işlədiyini başa düşməlidir.

      Requirement oxumalıdır.

      Test ssenarisi qurmalıdır.

      Problemi düzgün təsvir etməlidir.

      Developer ilə kommunikasiya etməlidir.

      API haqqında anlayışı olmalıdır.

      SQL bilməlidir.

      Müasir QA üçün automation haqqında da müəyyən anlayış çox faydalıdır.

      Yəni QA-ya giriş proqramlaşdırmadan daha rahat ola bilər, amma QA-da inkişaf etmək üçün yenə də davamlı öyrənmək lazımdır.

      QA seçsəniz, necə inkişaf edə bilərsiniz?

      Məsələn, belə:

      Manual QA

      ↓

      SQL

      ↓

      API Testing / Postman

      ↓

      Automation

      ↓

      Senior QA / QA Engineer

      Bu, daha sağlam inkişaf yoludur.

      Yəni məqsəd:

      “Mən sadəcə manual tester olum” olmamalıdır.

      Məqsəd: “Mən proqram təminatının keyfiyyətini texniki və analitik şəkildə qiymətləndirə bilən mütəxəssis olum” olmalıdır.

      IT Business Analyst -insanlarla işləməyi sevənlər üçün

      İndi isə başqa tip insanı təsəvvür edək.

      Siz kod yazmağı sevmirsiniz.

      Amma insanlarla danışmağı sevirsiniz.

      Problemi araşdırmaq xoşunuza gəlir.

      Çoxlu sual verirsiniz.

      “Bu niyə belə işləyir?” sualını verməkdən çəkinmirsiniz.

      Müxtəlif insanların fikirlərini bir yerə gətirə bilirsiniz.

      Bu halda IT Business Analysis sizin üçün maraqlı istiqamət ola bilər.

      Business Analyst bizneslə texniki komanda arasında körpü rolunu oynayır.

      Məsələn, şirkət deyir:

      “Biz istəyirik ki, müştəri mobil tətbiqdən kredit üçün müraciət edə bilsin.”

      Bu cümlə developer üçün hələ tam requirement deyil.

      BA burada suallar verir:

      • Kim müraciət edə bilər?

      • Müştərinin hansı məlumatları tələb olunur?

      • Kredit limiti necə müəyyən olunur?

      • Hansı hallarda müraciət rədd edilir?

      • Müştəriyə bildiriş gedəcək?

      • Sənədlər necə yüklənəcək?

      • Müraciətin statusu harada görünəcək?

      Beləcə ümumi biznes ideyası konkret tələblərə çevrilir.

      Business Analyst üçün əsas bacarıq nədir?

      Təkcə Jira bilmək deyil.

      Təkcə User Story yazmaq da deyil.

      Əsas bacarıq:

      Problemi düzgün başa düşmək və onu düzgün ifadə etməkdir.

      Ona görə BA üçün:

      • kommunikasiya;

      • analitik düşüncə;

      • biznes anlayışı;

      • sənədləşdirmə;

      • təqdimat;

      • problem həlli çox vacibdir.

      Əgər siz insanlarla danışmağı sevmirsinizsə və bütün gün tək işləmək istəyirsinizsə, BA sizin üçün ideal seçim olmaya bilər.

      Data Analytics - rəqəmlərlə düşünməyi sevənlər üçün

      Üçüncü istiqamət Data Analytics-dir.

      Data Analyst məlumatları analiz edərək biznes üçün nəticələr çıxarır.

      Məsələn, bir şirkətin satışları azalıb.

      Rəhbərlik soruşur:

      “Niyə?”

      Data Analyst məlumatları analiz edir.

      Bəlkə müəyyən məhsullar daha az satılır.

      Bəlkə müəyyən regionda problem var.

      Bəlkə reklam xərcləri artıb, amma satış artmayıb.

      Bəlkə müştərilər sayta daxil olur, amma alış-veriş etmir.

      Data Analyst rəqəmlər vasitəsilə bu suallara cavab tapmağa çalışır.

      Data Analyst olmaq üçün proqramçı olmaq lazımdır?

      Xeyr.

      Amma burada bir yanlış anlaşılma var.

      “Proqramçı olmaq lazım deyil” demək “texniki bilik lazım deyil” demək deyil.

      Data Analyst üçün:

      Excel + SQL + Power BI + statistika

      çox vacib təməl yaradır.

      Sonrakı mərhələdə Python da əlavə oluna bilər.

      Əgər rəqəmlərdən xoşunuz gəlmirsə, SQL öyrənmək sizi bezdirirsə və analitik düşüncə sizə maraqlı deyilsə, Data Analytics-i yalnız “maaşı yaxşıdır” deyə seçməyin.

      Bəs hansı sahə daha asandır?

      Əslində bu sualın universal cavabı yoxdur.

      Çünki: Bir insan üçün asan olan digər insan üçün çətin ola bilər.

      Məsələn:

      QA üçün detallara diqqət vacibdir.

      BA üçün kommunikasiya vacibdir.

      Data Analytics üçün rəqəmlərlə işləmək bacarığı vacibdir.

      Developer üçün isə kodlaşdırma və texniki problem həlli əsasdır.

      Ona görə sahə seçərkən özünüzə baxmaq lazımdır.

      Özünüzü belə yoxlayın

      Əgər aşağıdakı cümlələr sizə daha çox uyğundursa:

      “Mən səhv tapmağı, yoxlamağı və detalları araşdırmağı sevirəm.”

      QA

      “Mən insanlarla danışmağı, sual verməyi və biznes problemlərini həll etməyi sevirəm.”

      IT Business Analyst

      “Mən rəqəmləri, cədvəlləri, qrafikləri və analiz etməyi sevirəm.”

      Data Analyst

      “Mən kod yazmaqdan həzz alıram, saatlarla bir problemi həll etməyə səbrim var və texniki tərəf məni həqiqətən maraqlandırır.”

      Programming / Software Development

      Sonuncu cümlə sizin haqqınızdadırsa, proqramlaşdırmanı ciddi şəkildə düşünmək olar.

      Amma deyilsə, sırf bazarda populyardır deyə özünüzü İT-ə məcbur etməyin.

      İT-yə sıfırdan başlayanda ən böyük səhvlər

      1. Maaşa görə sahə seçmək

      “Bu sahədə 3000 manat maaş var.”

      Bu, karyera seçmək üçün kifayət deyil.

      Siz həmin işi hər gün etməlisiniz.

      2. Kursa görə iş tapacağını düşünmək

      Kurs yalnız başlanğıcdır.

      İşəgötürən sizin sertifikatınızdan çox:

      “Nə bacarırsan?” sualına cavab axtarır.

      3. Hər şeyi eyni anda öyrənmək

      QA + Python + SQL + Power BI + Cyber Security + Frontend...

      Bu yanaşma nəticədə heç bir sahədə güclü olmamağınıza səbəb ola bilər.

      4. Yalnız YouTube izləmək

      Videoya baxmaqla İT mütəxəssisi olmaq mümkün deyil.

      İT-də: Öyrən → tətbiq et → səhv et → problemi həll et → yenidən et prinsipi işləyir.

      5. İngilis dilini nəzərə almamaq

      İT-də ingilis dili çox ciddi üstünlükdür.

      Sənədlər.

      Documentation.

      Forumlar.

      Texniki məqalələr.

      Tutorial-lar.

      Tool-lar.

      Beynəlxalq komandalar.

      Bütün bunların böyük hissəsi ingilis dilindədir.

      Ona görə İT öyrənərkən paralel olaraq ingilis dilinizi də inkişaf etdirmək çox vacibdir.

      İT-də rəqabət niyə bu qədər artıb?

      Çünki İT artıq “gizli və az adamın bildiyi sahə” deyil.

      Hamı İT haqqında danışır.

      Hamı online kurslara daxil ola bilir.

      Hamı YouTube-dan öyrənə bilir.

      Hamının AI alətlərinə çıxışı var.

      Bu, imkanları artırır.

      Amma eyni zamanda namizədlərin sayını da artırır.

      Buna görə şirkətlər “kurs bitirmişəm” deyən çoxlu insan arasından seçim edir.

      Sizin fərqiniz nə olacaq?

      Məhz bu sual üzərində düşünmək lazımdır.

      Bəs rəqabətdən necə fərqlənmək olar?

      Sadəcə 10 kurs sertifikatı toplamaqla yox.

      Məsələn, QA seçmisinizsə:

      Manual QA + SQL + API + real layihə + yaxşı bug report + portfolio

      sizi daha hazırlıqlı göstərə bilər.

      Data Analytics seçmisinizsə:

      Excel + SQL + Power BI + 2-3 real portfolio layihəsi + nəticələri biznes dili ilə izah etmək çox vacibdir.

      BA seçmisinizsə:

      Requirement + User Story + Acceptance Criteria + BPMN + real case study + yaxşı kommunikasiya üzərində işləmək faydalıdır.

      Yəni:

      Sertifikat ≠ peşəkar

      Peşəkarlıq: Bilik + praktika + problem həlli + portfolio + kommunikasiya kombinasiyasıdır.

      Tam sıfırdan başlayan insana mən nə məsləhət görərdim?

      Əgər siz mənə gəlib desəniz:

      “Mənim İT üzrə təhsilim yoxdur. Heç vaxt kod yazmamışam. İT haqqında çox az bilirəm. Amma bu sahəyə keçmək istəyirəm. Hansından başlayım?”

      Mən sizə dərhal:

      “Get proqramçı ol” deməzdim.

      Əvvəlcə sizi tanımağa çalışardım.

      Əgər kodlaşdırmaya qarşı real marağınız varsa, əlbəttə, proqramlaşdırmanı yoxlamaq olar.

      Amma heç vaxt kod yazmamısınızsa, texniki düşüncəyə marağınız yoxdursa və əsas motivasiyanız yalnız “İT-də maaşlar yüksəkdir” fikridir, proqramlaşdırmaya böyük vaxt və pul yatırmazdan əvvəl başqa istiqamətləri də yoxlamaq daha ağıllıdır.

      Məsələn: QA ilə başlayıb İT dünyasını daha yaxından tanıya bilərsiniz.

      Əgər proseslərin, biznes problemlərinin və kommunikasiya tərəfinin sizə daha maraqlı olduğunu görsəniz: Business Analysis istiqamətinə keçə bilərsiniz.

      Əgər rəqəmlər və analiz sizi daha çox cəlb edirsə: Data Analytics seçə bilərsiniz.

      İT-də uğur qazanmağın ən qısa yolu ən asan sahəni tapmaq deyil. Sizə uyğun olan sahəni tapıb həmin sahədə davamlı inkişaf etməkdir.

      Əgər bu suala hələ də təkbaşına cavab tapa bilmirsinizsə, qərarı təsadüfə buraxmayın. Devhub Academy-də mütəxəssislərlə pulsuz konsultasiyadan faydalanın və sizin üçün uyğun istiqaməti birlikdə müəyyənləşdirin.

      Etiketlər:
      #IT Career#IT Jobs#Yeni başlayanlar#Karyera məsləhəti#İT konsultasiya

      Daha çox məqalə oxumaq istəyirsiniz?

      Texnologiya və proqramlaşdırma haqqında ən son məqalələrimizi kəşf edin

      Bütün məqalələr

      Oxşar məqalələr

      2026-cı ildə QA sahəsinə necə başlamaq olar? Manual Testing-dən Automation-a qədər yol xəritəsi
      QA engineering

      2026-cı ildə QA sahəsinə necə başlamaq olar? Manual Testing-dən Automation-a qədər yol xəritəsi

      2026-cı ildə IT sahəsinə daxil olmaq istəyənlərin qarşısına çıxan ən populyar istiqamətlərdən biri QA — Quality Assurance sahəsidir. Bəs QA nədir? Sıfırdan başlayan biri hansı mövzuları öyrənməlidir? Manual Testing ilə başlamaq lazımdırmı? 2026-cı ildə hansı tool-lar daha çox istifadə olunur? Və ən əsası — Automation nədir və QA Engineer gün ərzində nə iş görür? Bu yazıda bütün bu suallara mərhələli şəkildə cavab verəcəyik.

      10.03.2024